“Gənclik və siyasi irs” mövzusunda dəyirmi masa keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı ilə birgə təşkilatçılığı əsasında YAP-ın yaradılmasının 34-cü ildönümü münasibətilə Naxçıvan şəhərində gənclərin iştirakı ilə “Gənclik və siyasi irs” mövzusunda dəyirmi masa təşkil olunub.
Heydər Əliyev Muzeyində reallaşan tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn əsas tezislər diqqətə çatdırılıb. Xüsusilə gənclərin milli maraqlar və dövlətçilik prinsipləri əsasında maarifləndirilməsi, informasiya mühitində qarşılaşdıqları risklərə qarşı mübarizə, rəqəmsal və informasiya savadlılığının artırılması, eləcə də tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi məsələlərinə toxunulub.
Mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran məsələlər müzakirə olunub.
Dəyirmi masa yekunlaşdıqdan sonra iştirakçılar Heydər Əliyev Muzeyinin ekspozisiyası ilə tanış olublar.
Tədbirin keçirilməsində məqsəd gənclərin siyasi irs, dövlətçilik ənənələri və milli maraqlar barədə məlumatlılığının artırılması, onların ictimai-siyasi proseslərdə fəal iştirakının təşviq edilməsi olub.